Ümumi məlumat
Sertifikatlaşdırma prosesi bir neçə mərhələdən təşkil olunmuşdur:
-
Sertifikatlaşdırma üçün sifarişin verilməsi və bu sifarişin baxılması:
Sifariş, sertifikatlaşdırma üzrə orqanın nəzarət sisteminə qəbul üçün müraciət formasıdır. Məhz sifarişin sertifikatlaşdırma üzrə orqanda qeydiyyatdan keçdiyi gün sertifikatlaşdırma proseduru başlanmış hesab edilir.
Sertifikatlaşdırma zamanı sifarişçi, sonradan sertifikatın verilməsi üzrə qərar qəbul edəcək sertifikatlaşdırma orqanı (“AZGİDASERT” MMC) ilə müqavilə imzalayır. Müqavilə eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib edilir. Biri sifarişçidə, digəri isə sertifikatlaşdırma üzrə orqanda (“AZGİDASERT” MMC) qalır.
-
Formaların doldurulması və istehsalın/emalın təsvir olunduğu sənədlərin çatdırılması:
Sifarişçi məhsulun istehsalında tətbiq olunan bütün prosesləri və metodları əks etdirən sənədləri tədqim edir və müvafiq formaları doldurur. Prosedurun xüsusiyyətlərindən biri də odur ki, bütün lazımi sənədlər əvvəlcədən müəyyən olunmuş müddətdə təqdim olunmalıdır. Təqdim olunmuş məlumatların uyğunluğunun və tamlığının yoxlanılması məqsədilə sertifikatlaşdırma üzrə orqan sənədlərin dövri qiymətləndirməsini aparır. Qiymətləndirmə zamanı mənfi nəticə əldə olunan halda sifarişçiyə bütün çatışmazlıqlar və uyğunsuzluqlar barədə məlumat verilir və onları düzəldib yekun sənədləri təqdim etməsi üçün imkan yaradılır.
İdxal olunan məhsullarının sertifikatlaşdırılması üçün lazım olan sənədlər:
-
mənşə sertifikatı;
-
istehsalçı tərəfindən təqdim olunmuş xarici uyğunluq sertifikatları və ya bəyannamələri;
-
gigiyenik sertifikat;
-
invoice (qaimə);
-
müqavilənin (kontraktın) surəti;
-
sınaq protokolları (olduqda);
-
qida təhlükəsizliyi sertifikatı, istehsalçının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın surəti.
İstehsal olunan məhsullarının sertifikatlaşdırılması üçün lazım olan sənədlər:
-
gigiyenik sertifikatlar (fitosanitar, baytarlıq);
-
istehsal üzrə normativ sənədlər (zərurət olduqda);
-
keyfiyyəti idarəetmə sisteminin sertifikatının surəti (olduqda);
-
istehsalçının apardığı sınaqların protokolları;
-
müqavilənin (kontraktın) surəti;
-
qida təhlükəsizliyi sertifikatı, istehsalçının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın surəti.
-
Müəssisənin əyani auditi – məhsulun istehsalı prosesinin və vəsaitlərinin qoyulan tələblərə uyğunluğunun yoxlanılması;
Ekspert sənədlərin və bütün istehsal potensialının yoxlanmasını həyata keçirir. Əgər auditin gedişatında az əhəmiyyətli uyğunsuzlqlar aşkar olunarsa, sifarişçiyə onların aradan qaldırılması üçün vaxt verilir. Ekspert inspeksiyanın nəticələri üzrə hesabat hazırlayır və sifarişçini bu hesabatla tanış edir. Hesabat sifarişçi tərəfindən imzalanır və fikir ayrılığı hallarında sertifikatlaşdırma üzrə orqana apellyasiyaya verilir.
Laborator sınaqlar akkreditasiya olunmuş laboratoriyalarda aparılır. Nümunələrin seçimini inspeksiyanın aparılması zamanı ekspert həyata keçirir. Müəssisənin özündə uyğun akkreditasiyaya malik olan laboratoriya olduqda, sınaqlar bu laboratoriyada, “AZGİDASERT” MMC – nin ekspertinin iştirakı ilə aparılır.
-
Məhsulun uyğunluq sertifikatı:
Məhsula uyğunluq sertifikatı, bununla yanaşı etiketdə markalanma nişanını istifadə etmə imkanı sertifikatlaşdırma periodunun yekunlaşdırılmasından sonra istehsal olunmuş məhsullara verilir. Sertifikat bir il müddətində qüvvədə olur və bu müddət illik inspeksiya zamanı operatorun müsbət nəticə əldə etməsi halında uzadıla bilər.
Sertifikatlaşdırma, istehsal prosesinin və hazır məhsulların istehsal qaydalarına uyğunluğuna daimi nəzarət nəzərdə tutur. Uyğunluğun təsdiqlənməsi üçün sənədləşmənin yoxlanılmasını, istehsalın auditini və son məhsulun laborator analizini özündə cəmləşdirən illik inspeksiya həyata keçirilir.
Sifarişçilər üçün qaydalar
Sifarişçinin hüquqları:
• müəyyən edilmiş tələblərə uyğun olaraq uyğunluğun qiymətləndirilməsi sxemini seçmək;
• akkreditasiya sahəsi sifarişçinin sertifikatlaşdırmaq istədiyi məhsulları əhatə edən hər hansı bir sertifikatlaşdırma orqanına müraciət etmək;
• Sertifikatlaşdırma orqanının və ya onun pesonalı tərəfindən sertifikatlaşdırma qaydalarının pozulmasından, o cümlədən sertifikatlaşdırmadan imtina barədə qərardan şikayət və ya apellyasiyaya baxılması üçün sertifikatlaşdırma orqanına müraciət etmək.
Sifarişçinin öhdəlikləri:
• uyğunluğun qiymətləndirilməsi üçün lazımi şərait yaratmaq;
• sertifikatlaşdırma qaydalarına və tələblərinə daim riayət etmək və sertifikatlaşdırmanı həyata keçirən orqan tərəfindən ona çatdırılan dəyişikliklərə əməl etmək;
• zərurət yaranarsa sertifikatlaşdırma prosesində müşahidəçilərin iştirakına şərait yaratmaq;
• Sertifikatlaşdırılmış məhsulların müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək. Sertifikatlaşdırılmış məhsullar uyğunluq sertifikatlarında göstərilən normativ sənədlərin tələblərinə cavab verməlidir;
• Sertifikatlaşdırma tələblərinin yerinə yetirilməsi imkanlarına təsir edə biləcək hər hansı dəyişiklik barədə sertifikatlaşdırma orqanına dərhal məlumat vermək (planlaşdırılmış bütün məhsul yeniləmələri (modifikasiyaları), tərkibindəki dəyişikliklər, istehsal texnologiyası, texniki sənədlər, sınaq və nəzarət metodları, qəbul qaydaları, habelə müəssisənin təşkilati-hüquqi formasının, ünvanının dəyişilməsi);
• sertifikatlaşdırılmış məhsullarla bağlı bütün şikayətlərin qeydlərini aparmaq, bu şikayətlərlə əlaqədar tədbir görmək və sənədləşdirmək, sertifikatlaşdırma orqanına sorğu əsasında bu məlumatları vermək;
• uyğunluq sertifikatlarının dayandırılması və ya ləğvi zamanı sertifikatlaşdırmaya istinad olunan bütün reklam materiallarından istifadəni dayandırmaq;
• məhsullarının sertifikatlaşdırılmasını sertifikatlaşdırma orqanının nüfuzuna xələl gətirəcək şəkildə istifadə etməməli və sertifikatlaşdırma orqanının icazəsiz və həmçinin məhsulun sertifikatlşdırılması ilə bağlı həqiqətə uyğun olmayan, çaşqınlıq yaradan bəyanatlar verməməlidir;
• məhsulların sertifikatlaşdırma nəticələrindən asılı olmayaraq uyğunluğun qiymətləndirilməsi və inspeksiya nəzarəti işləri ilə əlaqədar bütün xərcləri müəyyən edilmiş qaydada ödəmək.